Qarabağın tarixi
Qarabağ Azərbaycanın qədim tarixi bölgələrindən biridir. Bu bölgə Kiçik Qafqaz dağları ilə Kür və Araz çayları arasındakı ərazini əhatə edir. Bəzi məlumatlara görə, “Qarabağ” anlayışı VII əsrdən etibarən işlənməyə başlanmış, XII əsrdən etibarən isə geniş yayılmışdı. “Qarabağ” “qara” və “bağ” türk-Azərbaycan sözlərinin birləşməsindən əmələ gəlmişdir (“qara” sözü türk dillərində, o cümlədən Azərbaycan dilində, rəng bildirməklə yanaşı, “böyük”, “qalın”, “sıx” mənasında da işlənir). Tədqiqatçılar “Qarabağ”ın “böyük bağ”, “səfalı bağ” mənasında işlədildiyini də bildirirlər. Bəzi mənbələrdə Qarabağın dağlıq hissəsi “Arsax” adlandırılır. Etimoloji araşdırmalar göstərir ki, “Arsax” sözü də Qarabağın qədim türk etnoslarından biri olan saklarla bağlıdır. “Arsax” “ər” və “sak” sözlərinin birləşməsi (“sak əri”) kimi də izah olunur. Qarabağ təkcə Azərbaycanın deyil, eləcə də bütün dünyanın ən qədim tarixə malik diyarlarındandır. Azıx mağarasında (Fizuli rayonu) tapılan insan məskəni və ən qədim insanın qalıqları (“Azıxantrop” və ya “Azıx adamı”) bu bölgənin Aralıq dənizi və Şərqi Afrika ilə birlikdə müasir insanların meydana gəldiyi məkanlardan olduğunu söyləməyə əsas verir. Azıxın alt çöküntülərindən aşkar edilmiş əmək alətləri Quruçay mədəniyyəti adlandırılmışdır. 1968 ildə Azıx mağarasından azıxantrop adlandırılan ibtidai insanın (350-400 min il əvvəl yaşamışdır) alt çənə sümüyünün bir hissəsi tapılmışdır. Daş dövrünün sonrakı tarixi mərhələlərində, həmçinin Eneolit (e.ə. 6-4-cü minilliklər), Tunc və ilk Dəmir (e.ə. IV minilliyin ortaları – I minilliyin əvvəlləri) dövrlərində Qarabağın həyatında ciddi dəyişiklik baş vermişdir. Son Tunc və ilk Dəmir dövrü (e.ə. 12-7-ci əsrlər) Xocalı-Gədəbəy mədəniyyəti adını almışdır. Antik və erkən orta əsrlərdə Qarabağ Azərbaycan Albaniya dövlətinin (e.ə. IV – eramızın VII əsri) mühüm vilayətlərindən biri idi. Albaniya dövlətində xristianlıq rəsmi din kimi qəbul edildikdən sonra, bu din Qarabağda, xüsusilə onun dağlıq ərazilərində də yayılmışdı. Ərəb istilaları (VII-IX əsrlər), xüsusilə Albaniya dövlətinin süqutu (705-ci il) Qarabağın həyatına da ciddi təsir göstərdi. Ərəb istilalarınadək Qarabağın tarixi ərazisində əhali etnik baxımdan eyni kökdən olduğu halda, işğaldan sonra vəziyyət dəyişdi. Xilafətin Azərbaycan üçün faciəli siyasəti nəticəsində xristianlığın yayıldığı dağlıq hissədə Alban kilsəsinin mövqeyi zəiflədi. Bundan istifadə edən erməni qriqorian kilsəsi dini üstünlüyü ələ aldı.
Beləliklə, Qarabağın dağlıq hissəsində xristian albanlar arasında qriqorianlığın yayılması üçün əlverişli şərait yarandı və bununla da, Qarabağın dağlıq hissəsində əhalinin qriqorianlaşdırılması, daha sonra isə erməniləşdirilməsi prosesi başlandı. Ərəb xilafətinin dağılmasından sonra Qarabağ Azərbaycan Şəddadilər dövlətinin (975-1075), Böyük Səlcuq imperatorluğunun (XI əsrin ortaları- XII əsrin əvvəlləri), Azərbaycan Atabəyləri dövlətinin (1136-1225) hakimiyyəti altında oldu. XII əsrin sonu- XIII əsrin əvvəllərində Qarabağın dağlıq hissəsində alban Xaçın knyazlığı yarandı. Sonralar onun ərazisində, Xaçının özü də daxil olmaqla, Qarabağ-Alban məliklikləri [Xaçın, Vərəndə, Dizaq, Gülüstan] yarandı. Qarabağ XIII-XIV əsrlərdə bütünlüklə Monqol imperiyasının, XIV əsrin sonu – XV əsrdə Teymurilər dövlətinin tərkibində idi. Şirvan hökmdarı I İbrahim [1382-1417] Qarabağın düzənlik hissəsini öz torpaqlarına birləşdirə bilmişdi. Qarabağ XV-XVIII əsrin əvvəllərində Azərbaycan Qaraqoyunlu (1410-1468), Ağqoyunlu (1468-1501), Səfəvilər (1501-1736) dövlətlərinin tərkib hissəsi idi. Səfəvilər Qarabağ torpaqlarının bütöv halda Qarabağ və ya Gəncə bəylərbəyiliyində birləşdirmişdilər. Səfəvi-Osmanlı müharibələri dövründə (1514-1555, 1578-1590 və s.) Qarabağ əldən-ələ keçmişdi. 1590 il müqaviləsindən sonra Osmanlı dövlətinin tərkibinə qatılan Qarabağ torpaqlarında siyahıyaalma nəticəsində müfəssəl dəftər tərtib edilmişdi (1593). Həmin məlumata görə, Gəncə-Qarabağ əyaləti 5 sancağa, 36 nahiyəyə bölünürdü. Dini mənsubiyyətinə görə əhalinin 61%-i müsəlman, qalanı isə qeyri-müsəlman idi. Qeyri-müsəlman əhali xristianlaşmış (və qriqorianlaşmaqda olan) albanlar idi. Səfəvi dövlətinin zəifləməsi XVIII əsrin I rübündə Azərbaycan torpaqlarının İran, Rusiya və Osmanlı dövlətləri arasında bölüşdürülməsi ilə nəticələndikdə, Qarabağ Osmanlı dövlətinin tərkibində qalmışdı. Bu dövrə aid siyahıyaalmanın nəticələri, daha doğrusu, Osmanlı dəftərləri də azərbaycanlıların bölgənin əsas əhalisi olduğunu sübut edir. Hesablamalara görə, 1727 ildə Gəncə-Qarabağ əyalətindəki 122 min nəfərədək əhalinin 80,3 min nəfəri (66%) azərbaycanlılar, 37,8 min nəfəri (31%) qriqorianlaşmış və erməniləşmiş albanlar, 3,7 min nəfəri (3%) kürdlər olmuşdur. Azərbaycan torpaqlarının bölüşdürülməsində fəal iştirak edərək, Xəzəryanı torpaqları ələ keçirən Rusiya çarı I Pyotr [1682/89-1725] bu torpaqlarda möhkəmlənmək və özünün işğalçılıq planlarını genişləndirmək üçün ermənilərdən istifadə edilməsinə böyük önəm verirdi. Bu məqsədlə o, 1724 il noyabrın 10-da ermənilərə ünvanlanmış fərman imzalamışdı. Fərmanda ermənilərin işğal olunan Azərbaycan torpaqlarına köçürülməsi, onlara mehribanlıq göstərilməsi, boşalmış evlərin, münbit torpaqların onlara verilməsi, mühafizələrinin təşkil edilməsi, bütün bunları həyata keçirmək üçün müsəlmanların doğma yerlərindən deportasiyası nəzərdə tutulurdu. Sonuncu Səfəvi hökmdarı III Abbası [1732-1736] yıxaraq, hakimiyyətə gələn Nadir şahın [1736-1747] onu qanuni hökmdar kimi tanımaqdan imtina edən Gəncə-Qarabağ bəylərbəyiliyinə qarşı cəza tədbirləri də Qarabağın alban məlikliklərinin mövqeyini gücləndirdi və onların separatizminə təkan verdi. Nadirin ölümündən (1747) sonra Azərbaycan ərazisində xanlıqlar yarandı.
Keçmiş Gəncə-Qarabağ əyalətində iki xanlıq – Gəncə və Qarabağ xanlıqları meydana gəldi. Qarabağ xanlığı Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutmuşdu və bu xanlıq əslində müstəqil bir dövlət idi. Xanlığın banisi Pənahəli xan [1747-1763] onun siyasi, sosial-iqtisadi və mədəni inkişafı sahəsində ciddi tədbirlər həyata keçirdi. Xanlığın siyasi mərkəzi kimi Şuşa şəhərinin əhəmiyyəti artdı. Qarabağ-alban məlikliklərinin separatçıhq fəaliyyətinə qarşı qətiyyətli mübarizə aparıldı. Xanlığı daha da inkişaf etdirmək və Azərbaycan torpaqlarını birləşdirmək sahəsində Pənah xanın fəaliyyətini oğlu İbrahimxəlil xan [1763-1806] davam etdirdi. Məlikliklər və onlara köməklik göstərən Rusiya imperiyasının xanlığa qarşı təşkil etdiyi “səlib yürüşü” boşa çıxdı. XVIII əsrin sonunda Ağa Məhəmməd Şah Qacar [1795-1797] tərəfındən Qarabağ xanlığına qarşı təhlükə artdı. 1795-ci ildə həyata keçirilən yürüş zamanı Şuşa şəhəri 33 günlük mühasirəyə tab gətirsə də, 1797-ci il hücumunda Qacar Şuşanı ələ keçirə bildi, lakin burada sui-qəsd nəticəsində öldürüldü. XVIII əsrin sonu – XIX əsrin əvvəllərində Rusiya imperiyasının Cənubi Qafqazda işğalçılıq fəaliyyəti yenidən genişləndi. 1801 ildə Gürcüstan imperiyaya qatıldı, 1803 ildə Car-Balakən, 1804 ildə Gəncə xanlığı işğal olundu. Belə bir tarixi şəraitdə Qarabağ xanlığı Rusiya imperiyası ilə Kürəkçay müqaviləsini imzaladı (1805, 14 may). Xanlıq, əslində, Rusiyaya ilhaq edildi. Qarabağda işğal rejiminin qurulmasına başlandı. 1822-ci ildə Qarabağ xanlığı ləğv edilərək adi əyalətə çevrildi. Qarabağda komendant idarə üsulu yaradıldı. Çar Rusiyasının 1840-cı il 10 aprel tarixli idarə-inzibati islahatı nəticəsində Qarabağ əyaləti Şuşa qəzasına çevrildi və Kaspi vilayətinə (mərkəzi Şamaxı) tabe edildi. Bununla da, Qarabağ anlayışı siyasi mənasını itirərək, yalnız coğrafı məfhum kimi qaldı. 1846 ildə həyata keçirilən yeni inzibati-ərazi bölgüsü zamanı Şuşa qəzası yeni yaradılmış Şamaxı (1859 il-dən Bakı) quberniyasına tabe edildi. 1867-ci ildə Yelizavetpol (Gəncə) quberniyası yaradıldıqda, Şuşa qəzası bu dəfə onun tərkibinə verildi. Şuşa qəzasının ərazisində Zəngəzur, Cavanşir və Cəbrayıl qəzaları təşkil edildi. Çarizmin Şimali Azərbaycan torpaqlarını işğal etməsi, bütövlükdə onun, o cümlədən Qarabağın erməniləşdirilməsilə yanaşı gedirdi. 1828-ci ildə Rusiya ildə Qacar İranı arasında, 1829-cu ildə isə Rusiya ilə Osmanlı Türkiyəsi arasında müqavilələr imzalanmasından sonra ermənilərin yeni işğal olunmuş ərazilərə, o cümlədən Qarabağa köçürülməsi həyata keçirilməyə başladı. Bu da, Qarabağ əhalisinin etnik tərkibinin ermənilərin xeyrinə dəyişdirilməsinə şərait yaratdı. Qafqazda qoşunların baş komandanı P.Yermolovun göstərişinə əsasən 1823-cü ildə tərtib olunmuş “Qarabağ əyalətinin təsvirin”də göstərilirdi ki, bu əyalətin qeydiyyatında olan 20095 ailədən 15729-u (78,3%) azərbaycanlı , 4366- sı (21,7%) erməni idi. Cənubi Azərbaycandan və Osmanlı Türkiyəsi ərazisindən ermənilərin kütləvi şəkildə Qarabağa köçürülməsi nəticəsində burada yeni kəndlər (Marağalı, Canyataq və s.) meydana gəlmişdi. Mövcud məlumatlara əsasən, 1828-1830-cu illər arasında Şimali Azərbaycana, o cümlədən Qarabağa İrandan 40 min, Osmanlı Türkiyəsindən isə 90 min erməni köçürülmüşdü. Ermənilərin Qarabağ ərazisinə köçürülməsi sonralar da davam etdirilmişdi. 1911-ci ilə aid rəsmi məlumata görə, Cənubi Qafqazda olan 1,3 milyon erməninin 1 milyondan çoxu köçürülənlər idi. Artıq 1916-cı ildə Qarabağda, xanlıq sərhədləri daxilində əhalinin təxminən 51%-i azərbaycanlı, 46%-i isə erməni idi. Köçkün ermənilərin əksəriyyəti Qarabağın dağlıq hissəsində məskunlaşırdı. Çarizmin ermənipərəst siyasəti nəticəsində ermənilərin inzibati idarəçilikdə möhkəmlənməsi, köçürülmə prosesində saylarının süni şəkildə artırılması onların iqtisadi potensialının möhkəmləndirilməsilə müşayiət olunurdu. Ermənilər çarizmin hərtərəfli dəstəyi və yaratdığı əlverişli şərait sayəsində Qafqazın iqtisadi həyatında da möhkəmlənə bildilər. Beləliklə, sosal iqtisadi, hərbi-siyasi və mədəni həyatın bütün sahələrində yer alan ermənilər Rusiyaya arxalanaraq, sərsəm “Böyük Ermənistan” xülyasının reallaşdırılması uğrunda açıq mübarizəyə başladılar. Bu bədnam siyasətin əsas tərkib hissələrindən biri də Qarabağ, İrəvan, Naxçıvan və digər Azərbaycan torpaqlarının yerli türk-müsəlman əhalisini məhv etmək və bu torpaqları ələ keçirmək idi. XIX əsrin 90-cı illərində ermənilərin havadarlarının təhriki ilə Osmanlı dövlətində mərkəzi hakimiyyətə qarşı başladıqları təcavüzkar-separatçılıq çıxışları uğursuzluğa düçar olduqdan sonra bu təcavüzkar-separatçılıq Şimali Azərbaycana keçirildi. Bununla Qarabağdakı hərbi-siyasi vəziyyət daha da kəskinləşdirildi. Ermənilər 1905-ci ildə yerli azərbaycanlılara qarşı tarixə “erməni-müsəlman davası” adı ilə daxil olan dəhşətli soyqırımı törətdilər. Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti Qarabağda daha faciəli şəkil aldı.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qurulması Qarabağın da tarixində mühüm hadisə oldu. Xalq Cümhuriyyəti Qarabağın bütün tarixi ərazisini respublikanın ayrılmaz tərkib hissəsi elan etdi və burada siyasi hakimiyyətinin bərqərar edilməsi üçün lazımi addımlar atmağa başladı. Tiflisdə elan edilmiş Ermənistan Respublikası da Qarabağa əsassız iddia irəli sürürdü. Vətən axtarışında olan erməni-daşnak millətçiləri İrəvan quberniyasını, Zəngəzuru, Naxçıvanı və Qarabağı yerli Azərbaycanlı əhalidən təmizləməklə bu bölgələri də bütünlüklə Ermənistan ərazilərinə çevirməyə çalışırdılar. Bu niyyətin həyata keçirilməsi qanunsuz olduğu üçün erməni-daşnak millətçiləri qanlı təcavüz yolu ilə adları çəkilən bölgələrin azərbaycanlı əhalidən təmizlənməsinə başladılar. Həmin təcavüzkar planların həyata keçirilməsi üçün erməni millətçilərinin sərəncamında çox böyük sayda hərbi qüvvələr var idi. Çar Rusiyası və böyük dövlətlər tərəfindən silahlandırılan və təşkilatlandırılan erməni hərbi qüvvələri Osmanlı Türkiyəsi ərazisində erməni muxtar qurumun yaradılmasına nail ola bilmədikdə bütünlüklə Qafqaza axışdılar və öz silahlarını azərbaycanlı əhaliyə qarşı çevirdilər. Erməni mənbələrinin məlumatına görə, Birinci Dünya müharibəsi illərində Rusiya ordusunun Qafqaz cəbhəsindəki döyüş hissələrində 30 min, xidməti hissələrdə isə 40 min erməni xidmət edirdi. Bundan əlavə erməni könüllülərindən ibarət 9 drujina yaradılaraq Osmanlı Türkiyəsi ərazisinə göndərilmişdi. Bütün bu qüvvələr Osmanlı Türkiyəsinin parçalanmasına nail ola bilmədikdə Ermənistan adlı bir dövlətin Azərbaycan torpaqları üzərində qurulması planının icrasına başladılar ki, Qarabağ ərazisi də bu plana daxil idi.
Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti yaranmış vəziyyəti nəzərə alaraq, 1919-cu il yanvarın 13-də “Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarına general-qubernator təyin edilməsi haqqında” qərar qəbul etdi. Bu vəzifəyə Xosrov Paşa bəy Sultanov təyin edildi. X.Sultanov 1919-cu ilin fevralında Şuşaya gələrək, vəzifəsinin icrasına başladı. General-qubernatorluq tərəfindən görülən əməli tədbirlər nəticəsində Qarabağın dağlıq hissəsində separatçılığa təhrik olunan ermənilər Azərbaycan hökumətini tanımaq məcburiyyətində qaldılar və bununla bağlı 1919-cu il iyun ayının 30-da “Qarabağ ermənilərinin Azərbaycan hökuməti ilə müvəqqəti razılaşması” imzalandı. Bu razılaşmaya əsasən Azərbaycan hökuməti də Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin mədəni muxtariyyətini tanıyırdı.
Ermənistan hökuməti isə öz ərazilərinin genişləndirilməsi məqsədi ilə Qarabağda sabitlik yaranmasını birmənalı şəkildə istəmir və buna görə də Qarabağa qarşı silahlı müdaxilədən və təcavüzkarlıqlardan əl çəkmirdi. 1920-ci ilin mart ayının sonlarında Qarabağda erməni təcavüzkarlığı öz zirvəsinə çatdı. Azərbaycanda Novruz bayramının qeyd edildiyi günlərdə Ermənistanın hərbi qüvvələri Qarabağda təşkilatlanmış separatçı qüvvələrlə birləşərək bölgədə iri miqyaslı hərbi əməliyyata başladılar. Ancaq Azərbaycan hökumətinin təşkilatçılığı və Cümhuriyyət Ordusunun fədakarlığı sayəsində Ermənistan hökumətinin və erməni separatçı qüvvələrinin təcavüzkarlığının qarşısı qətiyyətlə alındı və Qarabağ ərazisində Azərbaycan hakimiyyəti bərqərar edildi.
1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra, mayın birinci yarısında Şuşa, Cəbrayıl, Cavanşir qəzalarında sovet hakimiyyəti quruldu. 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti elan edildikdən sonra, bolşevik Rusiyasının bilavasitə köməyi və iştirakı ilə Zəngəzurun böyük bir hissəsi ermənilərə verildi, nəticədə, Naxçıvanla Azərbaycanın digər torpaqları bir-birindən ayrı salındı. 1923-cü il iyulun 7-də Qarabağın dağlıq hissəsində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradılması ilə gələcək üçün yeni erməni separatçılığının əsası qoyuldu. Bu separatçılığa Azərbaycan torpaqları hesabına öz ərazilərini genişləndirmək planlarından əl çəkməyən Ermənistan hökuməti rəhbərlik edirdi. Həmin məqsədlə Moskvada olan havadarlarının köməyi ilə Ermənistan hökuməti Azərbaycan Respublikasının ərazilərinin, o cümlədən də Dağlıq Qarabağın Ermənistana verilməsi üçün dəfələrlə məsələ qaldırmışdı. Məsələn, Ermənistan rəhbəri Q.Arutyunov 1945-ci ilin noyabrında İ.Stalinə müraciət edərək, Ermənistana bitişik olan DQMV-nin Qarabağ vilayəti kimi Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında məsələ qaldırdı. Bu məsələ ilə bağlı Ermənistan rəhbərinin məktubu Azərbaycanın o zamankı rəhbəri M.C.Bağırova göndərildi. Bağırovun 1945-ci il 10 dekabr tarixli cavab məktubunda real faktlara əsaslanaraq bildirdi ki, Dağlıq Qarabağ Muxtar Vilayəti ərazi cəhətdən heç vaxt Ermənistan SSR-ə bitişik olmamışdır və bu vilayət ərazilərinin Ermənistana heç bir aidiyyatı yoxdur.