Prezident İlham Əliyevin Özbəkistana rəsmi səfəri: “Əbədi dostluq haqqında Müqavilə” imzalandı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələ ilə yadda qalıb. Avqustun 23-də Daşkənddə Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi keçirilib.
Səfərin ən mühüm nəticələrindən biri iki dövlət başçısının “Əbədi dostluq haqqında Müqavilə”ni imzalaması olub. Prezidentlər, həmçinin Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclasının qərarını imzalayıblar. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sənədi iki ölkə arasında qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsi və ortaq gələcəyin qurulması istiqamətində iradənin ifadəsi kimi qiymətləndirib.
Dövlət başçılarının iştirakı ilə əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edən bir sıra sənədlər də imzalanıb. Bunların sırasında pensiya təminatı, mədəniyyət və turizm sahələrində əməkdaşlıq haqqında sazişlər, 2030-cu ilədək qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılmasını nəzərdə tutan proqram, investisiya və ticarət sahəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi üzrə praktiki fəaliyyət planı, eləcə də xarici işlər və ədliyyə nazirlikləri arasında 2027–2028-ci illəri əhatə edən əməkdaşlıq proqramları yer alıb.
Sənədlər paketində Azərbaycan və Özbəkistan şəhərləri arasında əlaqələrin genişləndirilməsi də diqqət çəkib. Xankəndi ilə Urgənc, Laçın ilə Buxara, Naxçıvan ilə Urgənc arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılmasına dair protokollar imzalanıb.
Prezident İlham Əliyev səfərin nəticələrinin Azərbaycan və Özbəkistan xalqlarının yaxınlığını bir daha təsdiqlədiyini bildirib. Şavkat Mirziyoyev isə Azərbaycanın Özbəkistanın etibarlı müttəfiqi, strateji tərəfdaşı və qardaş dövləti olduğunu vurğulayıb. Tərəflər iqtisadiyyat, investisiya, ticarət və humanitar sahələrlə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın da davam etdiriləcəyini bəyan ediblər.
Səfər çərçivəsində prezidentlər Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışında iştirak edib, Yeni Daşkənddə “Azərbaycan” parkının təməlini qoyub, həmçinin bir sıra birgə layihələrin açılış və təməlqoyma mərasimlərinə qatılıblar. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri avqustun 24-də başa çatıb.










