Azərbaycan alimlərinin “Scopus”da dərc etdiyi nəşrlərin sayı 40% artıb

2024-cü ildə Azərbaycan alimləri tərəfindən “Scopus” elmmetrik bazasında dərc olunan elmi nəşrlərin sayı 2023-cü ilin göstəricisinə nisbətən 40%-ə yaxın artıb. 2023-cü ildə 2816 olan nəşr sayı isə 2024-cü ildə 4000-ə çatıb.

Bununla bağlı Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyətinə dair hesabatında ümumi məlumat öz əksini tapıb.

Qeyd olunub ki, “Web of Science” elmmetrik bazasında indekslənmiş jurnallarda da Azərbaycan alimlərinin 2024-cü ildəki elmi nəşrləri əvvəlki ilə nisbətən 52,9% artıb. 2023-cü ildə 1885 nəşr olan bu rəqəm 2024-cü ildə 2882-ə yüksəlib.

Qlobal miqyasda ən çox istinad olunan (Top 10%) yerli elmi işlərin payı 2024-cü ildə 10,5%-ə yüksələrək əvvəlki illə müqayisədə 1,8 faiz bəndi artıb. Həmçinin “sahə üzrə istinad təsiri” göstəricisi də 1,55-ə çatıb.

2024-cü il ərzində Q1 indeksli elmi jurnallarda dərc olunan elmi nəşrlərin sayı 1600-dən, Q2 indeksli jurnallarda isə 750-dən çox olub.