Qarabağ və Şərqi Zəngəzurda ilk parlament SEÇKİSİ
Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi gözlənilir. Deputatlar parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması üçün Prezindent İlham Əliyevə müraciət edib.
Parlamentin bugünkü iclasında “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Milli Məclisin qərar layihəsi hazırlanıb.
Qərar layihəsində deyilir:
“Milli Məclisdə çoxluq təşkil edən YAP üzvləri parlament sədrinə müraciət edərək, həm parlament seçkilərinin, həm də mötəbər beynəlxalq tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edib və növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün müraciət edib. YAP-ın müraciəti Milli Məclisdə digər partiyaları təmsil edən deputatlar, habelə bitərəf deputatlar tərəfindən dəstəklənib. Parlament seçkilərinin qanunvericiliyə uyğun keçirilməsi üçün növbədənkənar parlament seçkilərinin keçirilməsi zəruridir”.
Milli Məclis Konstitusiyanın 95-ci maddəsinin 2-ci hissəni rəhbər tutaraq qərara alıb ki, Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Prezidentə müraciət edilsin.
Qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib. Prezidentin qərarından sonra ölkəmizdə növbədənkənar parlament seçkilərinin tarixi məlum olacaq.
Parlament seçkilərinin növbədənkənar keçirilməsini zəruri edən əsas səbəb seçkilərin vaxtının COP29 sammiti ilə eyni vaxta düşməsidir. Belə ki, parlament seçkiləri 2024-cü il noyabrında keçirilməli idi. Amma həmin ay Azərbaycanda COP29 keçiriləcək. Belə bir mötəbər tədbirlə eyni vaxtda seçki kampaniyasının təşkili və səsvermənin keçirilməsi mümkün deyil. Seçkilərin vaxtının dəyişməsi həm COP29-u layiqli şəkildə keçirməyə imkan verəcək, həm də bu mötəbər tədbir zamanı ölkə parlamentinin tam fəaliyyətdə olması təmin ediləcək.
Ölkəmizdə sonuncu parlament seçkiləri 2020-ci ildə keçirilib. Həmin seçkilərdən sonra Azərbaycan işğal altındakı torpaqlarını tam azad edib. Növbəti seçkilərdə müstəqillik dövründə ilk dəfə olaraq Qarabağ və Şərqi Zəngəzuru təmsil edən deputatlar məhz bu ərazilərdə keçirilən seçkilər nəticəsində mandat alacaqlar.