Milli Məclisin Cəbrayıldan olan deputatı Ceyhun Məmmədov yazır

Saytımıza açıqlamasında Milli Məclisin Cəbrayıldan olan deputatı Ceyhun Məmmədov bildirib ki, Qarabağın bölgələrindən namizədliyini verənlərin elə orada da səs toplayıb, mandat alması ayrıca şərəfdir:

“30 ildən sonra ilk dəfə Parlament seçkiləri işğaldan azad olunmuş ərazilərdə keçiriləcək. Cəbrayıl, Laçın, Qubadlı, Zəngilan, Füzuli, Ağdam və Şuşadakı insanlar öz doğma yurdlarında səs verəcəklər. Yeni Azərbaycan Partiyasının açıqlamasında Qarabağdan namizədliyini irəli sürənlərin ilk dəfə mandatını elə bu torpaqlarda alacağı qeyd edildi. Həqiqətən, bu sözləri eşitmək, bu cür proseslərin şahidi olmaq qürurverici haldır. Artıq biz torpaqlarımızı nəinki işğaldan azad etmişik, qısa müddət sonra burada seçki məntəqələri qurmuşuq. Vətəndaşlarımız elə öz doğma şəhər və rayonlarında namizədlərinə səslərini verəcəklər. Həqiqətən də, bu ərazilərdə seçkilərin keçirilməsi, namizədlərin mandat alması ayrıca şərəf və qürurdur. Bizim ən böyük arzumuz torpaqlarımızın tezliklə azad olunmasıydı. Çox şükür ki, torpaqlarımız azad olunub.  Artıq bu ərazilərdə biz seçki də keçiririk. Burada yaşayış da var”.