Milli Məclisin Kəlbəcərdən olan deputatı Aqil Məmmədov yazır
Milli Məclisin Kəlbəcərdən olan deputatı Aqil Məmmədov vurğulayıb ki, parlament seçkilərinin növbədənkənar keçirilməsi doğru addımdır:
“Parlament seçkilərinin vaxtından əvvəl keçirilməsinin bir çox səbəbləri var. Bu ilin noyabrında Bakıda COP29 tədbirinin keçirilməsi nəzərdə tutulub. Noyabrda həm Parlament seçkilərinin, həm də COP29 tədbirinin keçirilməsi mümkün deyil. O baxımdan seçkilərin təxminən iki ay qabağa çəkilməsi məsələsinə baxıldı. Ancaq hələ konkret yekun qərar verilməyib. Yəqin ki, məsələyə baxılacaq və bu istiqamətdə müəyyən qərar qəbul olunacaq. Düşünürəm ki, bu normaldır və belə də olmalıdır. COP29 tədbirinin yüksək səviyyədə keçirilməsi məqsədilə hər bir kəs əlindən gələni etməlidir. Hesab edirəm ki, Azərbaycan dövləti və xalqı buna nail olacaq”.
Aqil Məmmədov deyib ki, Qarabağın hər hansı bölgəsindən namizəd olan şəxslər qürur və sevinc hissləri ilə təbliğat-təşviqat işlərini aparacaqlar:
“Suverenliyimiz bərpa edildikdən sonra Prezident seçkiləri yüksək səviyyədə keçirildi. Bundan sonra Parlament seçkilərinin keçirilməsi doğru addımdır. Qarabağın ərazisindən namizəd olanlar qürur və sevinclə işğaldan azad edilmiş ərazilərdə seçki kampaniyasını, təbliğat və təşviqat işlərini aparacaqlar. İnanıram ki, əvvəllərdə olduğu kimi, seçki üçün demokratik şərait yaradılacaq. Yüksək səviyyədə Parlament seçkiləri keçiriləcək”.