Quruculuq işləri Zəfərdən sonrakı növbəti zəfər olacaq!

İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri başlayıb. Yollar çəkilib, çəkilir, infrastrukturlar yaradılıb, yaradılır, su elektrik stansiyaları fəaliyyətə başlayıb. Kəndlər, şəhərlər yenidən qurulur. Bu proses Zəfərin davamıdır. İşğaldan azad edilmiş ərazilərdə quruculuq işləri də zəfərlə başa çatacaq. 2023-cü ili də bu ovqatla yaşayırıq – Azərbaycan naminə, azərbaycançılıq naminə.
Hərbi hissədə olduğumuz zaman əsgərlərin asudə vaxtı idi. İkinci Qarabağ müharibəsini, döyüşləri, qazanılan Zəfəri xatırlamışdılar. Mayor Faiq Mehdiyev Zəfərdən sonra Azərbaycan gerçəkliklərindən söz açmışdı, müharibənin başa çatdığını, müharibədə erməniliyin törətdiklərini xatırlatmışdı, işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq işləri getdiyini demişdi. Zabitin dediklərini maraqla dinləyən əsgərlərdən biri bu söhbəti “Zəfərdən sonrakı növbəti zəfər haqqında söhbət” adlandırmışdı. Bu adlandırma hamımızın könlünə yatmışdı. İndi də əsgərlər bir qədər təəssüflə, bir qədər qürurla İkinci Qarabağ müharibəsini xatırladı:
– Onda məktəbli idim. Döyüşlərdən uzaqda olsaq da döyüşləri biz də yaşayırdıq. Mən də digər həmyaşıdlarım kimi döyüşləri televiziyadan izləyirdim. Noyabrın 8-i gecəsi bütün azərbaycanlıların, Azərbaycanı sevənlərin qürur gecəsi idi. İmkanımız olsaydı, Şuşaya kimi qaça-qaça gedərdik.
Əsgər İsaxan Abdullayevin dediklərini həmin vaxtlarda o gün bu əsgər yaşda olanların hamısının niyyəti olduğunu xatırladıq.  
– Sizi hərbi xidmətə bu xoş niyyət gətirib, – dedim. Xoş təbəssüm, xoş təbəssümün sarıldığı ovqat işığa dönüb, bu görünməyən, duyulan, hiss edilən işıq hərbi xidmətdən mülki həyata aparacaq yolu nişan verir:
– İşğaldan azad edilmiş ərazilərdə quruculuq işləri uğurla davam edir. Murov dağdan Kəlbəcərə açılan tunel bu işlərin başlanğıcı oldu. İstifadəyə verildikdən sonra bu tunel yolu qısaldacaq, qışda, qarda-sazaqda təhlükələri aradan qaldıracaq, – əsgər Malik Arzumanov belə dedi. Bu fikir digər əsgərlərin düşüncələrini tərpətmişdi, onlar da söhbətə qoşulmuşdu. Zəfərdən sonrakı növbəti zəfər haqqında danışılanlar da Azərbaycan əsgərinin mənəvi dünyasının genişliyinin ifadəsiydi.