Qarabağ və Şərqi Zəngəzur: Bərpa-quruculuq işləri sürətlənir

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən sosial-iqtisadi quruculuq işləri uzunmüddətli dövrdə Azərbaycanın yeni inkişaf mərhələsinə keçməsinə, sürətlə inkişaf edən, yüksək rifaha malik lider dövlət olmasına möhkəm zəmin yaradıb. Müstəqil və suveren Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2021-2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur. Prezident İlham Əliyevin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” Sərəncamı bu baxımdan mühüm əhəmiyət kəsb edir. Beş əsas istiqaməti özündə ehtiva edən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” işğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşmanı, iqtisadi fəaliyyətə reinteqrasiya kimi başlıca məqsədlərə nail olunmasını nəzərdə tutur.

Ölkəmizin tarixi ərazi bütövlüyünün bərpası soydaşlarımızın öz doğma torpaqlarına qayıdaraq yaşaması üçün yeni mərhələ yaradıb. Bu məqsədlə həmin ərazilər cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevrilməli, dayanıqlı məskunlaşma üçün müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühiti yaradılmalıdır. Hərtərəfli təhlükəsiz və əlverişli həyat şəraitinin yaradılması vətəndaşların əbədi məskunlaşması üçün böyük əhəmiyyət daşıyır. Bu baxımdan qarşıya qoyulan vəzifələrin uğurlu icrası nəticəsində yeni ərazilərdə layiqli yaşayış təmin ediləcək, müasir infrastruktur qurulacaq, regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla, əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması təmin ediləcək.

Əslində Qarabağın dirçəlişi və işğaldan azad olunmuş ərazilərimizə Böyük Qayıdış çoxdan başlayıb. Yağı tapdağından azad olunmuş ərazilərdə şəhər və kəndlərin bərpası və yenidən qurulması, elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal, digər zəruri infrastrukturların, mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və digər məqsədlərlə 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait ayrılıb. Ölkə başçısı “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb. 

Hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri sürətlənir. Prezident İlham Əliyev fevralın 2-də keçirilən Gənclər Forumunda gənclərin suallarını cavablandırarkən bildirib ki, bu il həm ənənəvi işlər, yəni, infrastruktur işləri, eyni zamanda, məcburi köçkünlər üçün nəzərdə tutulmuş yaşayış binalarının inşasına başlanılacaq. Ölkəmizin başçısı cari ildə Zəngilan Hava Limanının açılacağını, 2023-cü ildə dəmir yolunun Ermənistan sərhədinə gətiriləcəyini, avtomobil yolunun tikintisinin isə davam etdiyini diqqətə çatdırıb: “İndi azad edilmiş ərazilərdə müxtəlif kənd təsərrüfatı layihələri icra edilir. Deyə bilərəm ki, bu il 40-50 min hektarda əkin işləri nəzərdə tutulur. Bu, bizim ərzaq təhlükəsizliyimizi təmin edəcək. Orada da işləyənlərin əksəriyyəti gənclərdir. Ona görə gənclər, əlbəttə ki, bu işlərdə qabaqcıl rol oynayacaq, onlar öz təşəbbüslərini də gərək ortaya qoysunlar”.