Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq mühiti
Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərimizdə öz vəsaitləri hesabına, heç bir beynəlxalq maliyyə institutundan borclanmadan böyük miqyaslı bərpa-tikinti layihələri həyata keçirir. Müharibədən sonrakı dövrdə azad olunmuş ərazilərə bərpa işləri üçün dövlət büdcəsindən transfertlər ilbəil artılıır. Qarabağ və Şərqi Zəngəzur regionunun bərpa və yenidən qurma işləri üçün 2021-ci ildə 2,2 milyard , 2022-ci ildə 2,7 miyard manat vəsait ayrılmışdır. 2023-cü ilin büdcəsində isə işğaldan azad olunmuş ərazilərin bərpası üçün ötən illə müqayisədə 13 faiz daha çox yəni 3 milyard manat nəzərdə tutulub.

İşğaldan azad edilmiş ərazilərə sosial-iqtisadi həyatın geri qaytarılmasında özəl sahibkarlar əhəmiyyətli rol oynayır. Dövlət həmin ərazilərdə yerli və xarici biznes nümayəndələrinin investisiya qoyması üçün əlverişli mühitin yaradılmasını prioritet istiqamətlərdən biri kimi götürmüşdür. Bu məqsədlə artıq əsas addımlardan biri olan Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” 16 noyabr 2022-ci il tarixdə qəbul olunmuşdur. Proqramın əsas hədəf göstəricilərindən biri kimi iqtisadiyyatın yenidən qurulması üçün – yeni investisiyaların cəlb olunması ilə sahibkarlıq mühitinin formalaşdırılması əsas olaraq göstərilmişdir. Dövlət proqramının əsas məqsədlərinin 2-ci hissəsində – sahibkarlıq mühitinin əlverişliliyini artırmaq və biznes fəaliyyətinin inkişafına dəstək vermək olduğu qeyd edilmişdir.
Prezident İlham Əliyev «Ağdam» Sənaye Parkı və «Araz Vadisi İqtisadi Zonası»nın təməlini qoymuşdur. Bu sənaye parkları yaxın zamanlarda fəaliyyətə başlayacaq. İlkin investisiya olaraq ora 40 milyon manat yaxın vəsait ayrılıb. «Ağdam» Sənaye Parkında müxtəlif çeşidli xüsusi və fərdi geyimlər, sintetik xalça, polimer məhsulları, prefabrik dəmir-beton məmulatlarının, günəş enerjisi ilə qidalanan işıq dirəkləri və xüsusi dam örtüklərinin istehsalı nəzərdə tutulub. Sənaye parkında mindən çıox yeni iş yerinin yaradılması gözlənilir. Park Ağdam ərazisində işğaldan əvvəl də sənaye zonası kimi istifadə olunan yerdə tikilir. Sənaye parkının ümumi ərazisi 190 hektar sahəni əhatə edir. Park Ağdam rayonunun əsas nəqliyyat- kommunikasiya qovşağının kəsişməsində yerləşir. Parkda qeydiyyatdan keçən rezidentlər üçün ümumi fiziki infrastur və kommunla xidmətlər dövlət tərəfindən təmin olunacaq. Rezidentlər üçün 10 il müddətinə gəlir və əmlak vergisi, ƏDV və idxal rüsumlarından azadolunma kimi vergi güzəştləri və aşağı icarə haqqının təyin olunması nəzərdə tutulur.